Nazim İbrahimov çörəyi çörəkçiyə vermir

 Bakıda iyunun 3-də 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı Dünya Azərbaycanlılarının IV Qurultayı oldu. İki gün davam edən qurultayda həmişəki kimi önəmli qərarlar qəbul edildi.

Qeyd edim ki, Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci ildə ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Bundan bir il sonra isə Heydər Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitə təsis olunana qədər azərbaycanlıların dünyada 200-ə yaxın diaspor təşkilatı var idisə, hazırda onların sayı 462-dir.

Amma kəmiyyətə baxmayaq, keyfiyyət və ortaya qoyulan iş bizi qane etmir. Düzdür, belə qurultaylarda, elə xaricdəki diaspor təşkilatlarının yığıncaqlarında və yaxud da hansısa əlamətdar gündə diaspor quruculuğu işinin yüksək səviyyədə həyata keçirildiyindən danışılır. Əslində reallıq başqadır. Problemlər olduqca çoxdur, diaspor təşkilat rəhbərlərimiz və fəallarımız bu problemlərin həllində acizlik göstərirlər.

Hələ də azərbaycanlıların dünyadakı təşkilatları arasında koordinasiya işi aparılmır, birlik və həmrəylik yoxdur.Ümumi iş xatirinə deyil, bir-birləri ilə rəqabət aparırlar. Azərbaycanın xarici ölkələrdəki səfirliklərimiz diaspor təşkilatlarımızla sıx əməkdaşlıq etmək istəyində olmurlar. Sanki onlar bizdən deyillər.

Qurultaya gələn diaspor təşkilatları rəhbərlərinin əksəriyyəti təmsil olduqları ölkələrdə geniş biznes şəbəkələrinə malikdirlər. Amma bu imkandan istifadə edib rəhbər orqanlara nüfuz edə bilmirlər. Çoxu media ilə əlaqə qurmaq istəmirlər, nədənsə bunda maraqlı deyillər. Azərbaycanın haqq səsini xarici mediada mütəmadi olaraq işıqlandırmaq məhz onların vətənpərvərliyindən irəli gəlməlidir, əfsuslar olsun ki, gəlmir.

Amma bu missiyanı imkansız, maddi cəhətdən korluq çəkən soydaşlarımız yerinə yetirilər. Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında, Arye Qutun İsrail mətbuatında ermənilərin işğalçılıq siyasətlərini ifşa etmələri, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaları geniş biznesə malik olan xaricdəki diaspor təşkilat rəhbərlərimizə örnək olmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi monitorinq qrupunu yaratmalı və xaricdəki belə fəallarımızın fəaliyyəti araşdırmalıdır. Açığı, komitə onsuz da guya diaspor quruculuğu prosesini möhkəmləndirmək məqsədilə lazımsız ünvanlara pul xərcləyir. Elə bu kimi fəallarımıza maliyyə yardımı göstərərsə o zaman, həqiqətən də diaspor quruculuğuna töhfə vermiş olardı.

Neyləmək olar ki, hələ də bu komitəyə Nazim İbrahimov rəhbərlik edir. Diaspor quruculuğumuza mane olan elə onun özünün belə səhv siyasət yürütməsidir.

Əlbəttə, Azərbaycanın lobbi fəaliyyətində uğurları da var. Amma bunlarla qane olmaq olmaz. Yetərlidi deyib durmamalıyıq.

Fikir verin, qondarma erməni soyqırımını tanıyan dövlətlərdə yaşayan ermənilərin sayı azərbaycanlıların sayından qat-qat azdır. Amma görün ermənilərin həmin ölkələrin hakim dairələrinə nüfuzunun nəticəsini. Təbii ki, Ermənistan hakimiyyəti və xaricdəki güclü və imkanlı erməni lobbisinin dəstəyi ilə. Bizdə isə belə deyil. Bəzi imkanlı soydaşımız yalnız şəxsi marağının girovuna çevrilib. İldə bir dəfə, ya əlamətdar, ya da matəm gününün anım tədbirinə qatılır, ya yox. O da məcburiyyətdən. Komitəmizi isə belə dəstək nümayiş etdirməsi marağından kənardır.

Vüqar Abbasov, Arye Qut, Elxan Mirhəşimli, Səftər Rəhimli kimi vətənpərvərlərimizin hər biri on min erməniyə dəyər. Bütün göstəricilərə görə ermənilərdən qat-qat üstündürlər. Sadəcə onlara həm imkanlı diaspor təşkilat rəhbərlərimizdən, həm də hakimiyyətdən dəstək olunmalıdır. Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı inkişaf etməkdədir, bütün sahələrdə regionda liderliyimizi qoruyub saxlamışıq. Diaspor quruculuğu sahəsində isə ermənilərdən geri qalmaqdayıq. Çünki, diaspor quruculuğu, lobbiçilik siyasəti düzgün qurulmayıb.

Danışmaq, istənilən qərarı qəbul etməkdənsə, iş görmək lazımdır. Prezidentimizin tövsiyyələrinə diqqətlə qulaq asırıq, bəz niyə onları həyata keçirmirik.

Bir sözlə, Nazim İbrahimov çörəyi çörəkçiyə vermir. Ona görə də diaspor quruculuğumuz bu gündədir....
YORUM EKLE