Müdafiə naziri məmur övladlarını əsgərliyə göndərə biləcəkmi?

Bir nazir övladı göstərin ki, əynində hərbi forma, əlində silah olsun...

Bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun nazir övladlarını da orduya çağırması barədə general-leytenant Yaşar Aydəmirovun fikirləri Azərbaycanda gündəmin əsas mövzularından birinə çevrilib.

Əslində, bu mövzu daim medianın gündəmində olub, müxtəlif fikirlər irəli sürülüb, məmurlar övladlarını hərbi xidmətdən gizlətdiklərinə görə media tərəfindən ittihamlanıblar.

Bu məsələyə səlahiyyətli orqanlar isə susublar. Daha doğrusu, məmurlar tərəfindən susdurulublar. Azərbaycanın aztəminatlı ictimaiyyətini və məmurlara müxalif olan medianı da bu sual düşünüdürüb ki, niyə məhz orduda kasıb-kusub, imkansız və arxasızların balaları xidmət etməlidirlər.

İndi belə rəy formalaşıb ki, Z.Həsənov hərbi xidmətdən yayınaraq xaricdə təhsil alan, biznes quran məmur övladlarını da hərbi xidmətə göndərəcək. Çətin... Axı onların əksəriyyəti, xarici ölkələrin vətəndaşlığını qəbul ediblər.... Azərbaycanda daha elə bir məmur qalmayıb ki, oğlunun yaşı hərbi xidmətə düşə bilsin. Bəzi imkanlı deputatlarımız var ki, onların da övladları xaricdə təhsil alırlar və çətin vətənə dönsünlər...

Hətta nazirin bu çağırışından bir neçə gün sonar müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların “Sərhəd keçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov belə deyib.

Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan yayınmasının qarşısının alınması istiqamətində də zəruri işlər görülüb.

Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib.

İnanan daşa dönsün ki, bundan sonra Azərbaycanda məmurlar övladlarını hərbi xidmətə göndərmək məcburiyyətində qalacaqlar. Və yaxud da hansısa məmur övladının çağırışdan yayınmasının qarşısı alınıb.

Bu vaxta qədər heç bir rəsmi qurum, elə Müdafiə Nazirliyinin özü belə bir fakt göstərə bilməz ki, hansısa məmurun övladı hansısa hərbi hissədə qulluq edib və yaxud da edir.

Düzdür, bu mövzu aktuallaşandan sonar bəzi məlumatlar dolaşdı ki, bəz hansısa hərbi xidmətdə hansısa məmur övladının xidmət etdiyini görüblər. İnandırıcı görünmür. Ola bilər ki, həmin adam hansısa bir rayon tabeçiliyində hansısa idarənin rəhbərinin oğludur. Söhbət nazir və yüksək ranqlı məmurların övladlarından gedir.

Heç ağla sığarmı ki, nazir oğlu gedib kasıbın balası ilə bir səngərdə döyüşsün və yaxud da xidmət etsin. Hərbi xidmətin necə ağır keçdiyi məlumdur. Məmur övladı bu çətinliklərə dözə bilərmi? Səhər tezdən durmaq, idman etmək. qaçmaq, təlimlər, fiziki iş, yayın istisi, qışın soyuğu….

Azərbaycanda çox az məmur övladı tapılar ki, hərbi xidmətdə olsun. Barmaqla sayıla biləcək sayda. Onların da əksəriyyəti ya evlərində, ya da hospitallarda “xidmət” edirlər.

Məmur övladları yalnız avtoşluqda ad çıxarıblar, bahalı avtomobil kolleksiyalarına sahibləniblər, xaricdə böyük biznesə malikdirlər, təmtəraqlı həyat tərzi keçirirlər. Necə deyərlər, bu beş günlük dünyada kefdə-damaqda olurlar.

Baxmayaraq ki, prezident İlham Əliyev dəfələrlə müşavirələrində məmur övladlarının, onların qohumlarının özbaşnalıqlarına son qoyulması xəbərdarlığını edib. Amma nə faydası…

Respublikamız özünün Konstitusiyaqanunları ilə idarə olunur. Ölkə Konstitusiyasının vətəni müdafiə etmə haqda qanununda deyilir ki, Vətənin müdafiəsi hərbir vətəndaşın borcudur. Lakin ölkədə qanunlara heç də hər kəs hörmətlə yanaşmır. Bu gün qanunlar bəzi nazir və dövlət məmurları üçün heç də keçərli olmur. Ümumiyyətlə, belə demək mümkünsə, qanunlar bəzi məmur və nazirlər üçün işləmir.

Övladlarının gələcək karyerasını düşünərək onları əsgərliyə göndərənlər isə gənclərin paytaxtın mərkəzi hissəsində yerləşən hərbi hissələrə düşməsinə can atır, bundan ötrü müxtəlif vasitələrdən yararlanmaqdan belə çəkinmirlər. Təki hərbi biletdə "hərbi xidmət keçmişdir” sözləri yazılsın. Bəzi vətəndaşlar da harınlamış məmur övladlarını misal gətirərək, "müharibə olsa, getməyəcəm. Hansısa varlının, məmurun oğlu qaçıb gizlənəcək, mən isə döyüşəcəm?” kimi sözlər deyirlər.

Konstitusiyamızda şəxslər arasında fərq qoyulmur, amma reallıqda bu, var. Misalları çəkmək istəməzdik, çünki bu siyahıda Azərbaycan hakimiyyət və hökumətində təmsil olan çox nazir və komitə sədri, icra başçılarının adları var. Bu siyahı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yaxşı məlumdur. Hansı nazirin oğlunun hərbi xidmətdən yayındırmaq üçün xaricdə oxumasını təmin etməsi, oranın vətəndaşlığının qəbul etdirməsi, biznesini açması və s. Təki Azərbaycan ordusunda xidmət etməsin, millətinə, xalqına xidmət etməsin, torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında iştirak etməsin...

Sosial şəbəkələrdə təyyarələrdə, bahalı avtomobillərdə, yaxtalarda, xarici səfərlərdə, villarında və s. yerlərdə fotolar çəkdirib onları paylaşan məmur övladları, bir foto da paylaşın ki, əyninizdə qiymətli paltar olmasın, hərbi forma olsun, sağınızda, solunuzda qızlar yox, əsgərlər olsun, əlinizdə badələr yox, silah olsun, məşhur restoranlarda yox, əsgər yeməkxanasında yemək yeyəsiz ...

YORUM EKLE