Mətbuatımızda 10-15 jurnalist tapılar ki...

İyulun 22-də Milli Mətbuatın 140 illiyini qeyd edəcəyik. Artıq bir neçə gündür ki, bu məqsədlə paytaxt Bakıda və regionlarda müxtəlif səpkili tədbirlər keçirilməkdədir.

Mən Milli Mətbuatımızın zəngin tarixindən danışmaq istəməzdim. Sadəcə, Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Nəriman Nərimanov və digər ziyalılarımız cəhalət şəraitində, irtica dövründə yurdun müstəqilliyinə, xalqın azadlığına yönəlik millət Sözünün tərcümanları olduqlarını qeyd etmək istəyirəm...

…Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxdı...

…Bu gün Azərbaycan mediasının inkişafına böyük diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın yaranmasının 120 və 125 illik, prezident İlham Əliyevin isə 130, 135 və 140 illik yubileylərinin xalq bayramları kimi qeyd olunması ilə bağlı sərəncamları və jurnalistlərə təbrikləri bunu əasalandıran amillərdəndir. Heç bir ölkədə analoqu olmayan tədbir — jurnalistlərin mənzillə təmin edilməsi də məhz Prezident İlham Əliyevin yaradıcı insanların, milli dövlətçiliyə xidmətləri ilə seçilən söz adamlarının əməyinə verdiyi çox böyük qiymət, dünyanın hər yerində təqdir olunan nadir qədirbilənlik nümunəsidir.

… Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, dövlət siyasətinə uyğun olaraq, mediada peşəkarlığın yüksəldilməsi, redaksiyaların problemlərinin həlli, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əsaslı tədbirlər həyata keçirirlər. Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da imzalayıb…

…Dünən tədbirlərin birində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin bu il milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə fəxri adların verilməsi ilə əlaqədar Prezident Administrasiyasına 800-dən çox müraciətin daxil olduğunu deməsi məni çox təəccübləndirdi...

...Kənardan yaxşı görünür, amma Azərbaycan mətbuatına baş vurduqda burada saysız-hesabsız təsadüfü adamlarla rastlaşırsan. Yüzlərlədir belə adamlar mətbuatımızda. xüsusən də internet mediasında. Mediadan xəbəri olmayan gənclərimiz müxtəlif adlarda internet portalları, informasiya agentləri yaradırlar. Sözün düzü, nəzarətsiz fəaliyyət göstərirlər, istədiklərini yazırlar. Təhqirlərə, tənqidlərə yol verirlər. Hələ bu vaxtadək heç bir sayt və yaxud da informasiya portal yazdığı böhtana, təhqirə görə məhkəmənin qərarı ilə bağlanmayıb. Portalların çoxunda əlaqə ünvanları göstərilməyib deyə məhkəmə onları tapa bilmir…

… Mətbuatımızda 10-15 jurnalist tapılar ki, Zərdabi yolu ilə getsin. Bəs birdənbirə 800 jurnalist haradan peyda oldu ki, fəxri ada iddialı olsunlar? Maraqlıdır, hansı haqla bu iddiadadırlar. Onların arasında fəxri adlara layiq olanlar da ola bilər. Amma 800 rəqəmi bir qədər müəmmalıdır. Axı mətbuatımızın başbilənlərinə yaxşı aydındır ki, bu sahədə təsadüflər çoxdur. Görünür, təsadüflərin hesabına bu rəqəm belə çox alınıb…

… Düzdür, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Amma bu azadlıq bizə anarxiya gətirib… Mənim sinif yoldaşım, 8-ci sinifdən çıxıb 25 il dərzilik edən və ötən il rayondan Bakıya köçərək qəzet baş redaktoru olub, hansısa yollarla dünən mətbuata gələnlər bu gün 20 il təcrübəsi olan media işçisini bəyənmir, bir vaxtlar çalışdıqları redaksiyalarda redaktorların qapıları ağzında qalanlar, adi bir yazını yaza bilməyənlər bu gün hansısa ünvanlardan maliyyələşib özlərinə sayt açıblar, əllərinin altında onlarla journalist çalışır, bahalı avtomobil sürürlər... Bədbəxtliyimiz odur ki, yuxarılar məhz bu kimi təsadüflərlə hesablaşırlar, onlara dəyər verilir…

… Bu dəfə də fəxri ad alacaqlar sırasında təsadüflərə rast gəlmək mümkün olacaq. Amma buna haqqı çatanlar da az deyil. İstərdik ki, mediamıza nəzarət edən səlahiyyətlilər belə təsadüfləri mediadan təmizləsinlər. Onların fəaliyyəti məhdudlaşdırılsın. Çünki bu fəaliyyət dövlət və dövlətçiliyin qorunmasına, əhalinin maariflənməsinə hesablanmayıb, daha çox şəxsi maraqlar üstün tutulub…

…Amma istənilən tribunadan pafoslu çıxışlar edirik. Lazım deyil, belə çıxışları çox eşitmişik. İstənilən tədbirdə hakimiyyətin mediamıza diqqətindən danışılıb. Bu bizə yaxşı aydındır ki, ümummili liderimiz və prezidentimiz mediaya hansı səviyyədə diqqət ayırıb, qayğı göstərib. Bəs siz nə iş görmüsüz? Əgər 10 media işçisinə layiq olduğu dəyəri vermisizsə, 100 “jurnalist”i layiq olmadığı yerdə görmüsüz… Bu tək mənim fikrim deyil, tədbirlərdə iştirak edən jurnalistlərin gileyidir...

...Ümid etmirəm ki, bu gileylərimiz həllini tapacaq...

YORUM EKLE