Dolların qalxması kasıbın ölümünə fərman verdi

 Bu gün 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1.55 AZN səviyyəsinə qalxması bütün azərbaycanlıları şoka saldı. Xatırladaq ki, Azərbaycan bu ildə ilk dəfə bu şoku fevralda yaşayıb.

Bu gün bütün yerli medianın əsas manşeti dolların bahalaşmasının Azərbaycana iqtisadi və sosial böhranın yaşadacağıdır. Sosial mediada bir-birlərinə başsağlığı verənlər də tapıldı, "Gözün aydın, Azərbaycan" deyənlər də... Hətta bir sıra xarici media da Azərbaycandakı şokdan yazdı. Əndişəyə düşənlərin çoxu banklardan kreditini dollarla götürənlərdir. Necə qaytaracaqlarını belə bilmirlər. Azərbaycanda kreditini qaytara bilməyənlərin intihar etmələrinin sayı onsuz da artmaqdadır. Dolların bahalaşmasının bu prosesi sürətləndirəcəyini ehtimal etmək olar.

Bakının böyük supermarketləri alış-verişi dayandırdı. Bu hal ətraf rayonlarda da müşahidə olundu. Əhalinin bir hissəsi dolların bundan sonra da artacağından qorxuya düşərək mağazalaradan ehtiyat ərzaq almağa başladı. Neftin ucuzlaşması, qızılın dəyərdən düşməsi də yeni ilin böhranla başlayacağı proqnozunu reallaşdırdı.

Azərbaycan rəsmiləri isə əhalini sakitləşdirmək məqsədilə təşvişə heç bir əsasın olmadığını bildirirlər. Belə bir mövqe fevralda da sərgilənmişdi. O zaman dollar 1.05 AZN səviyyəsinə qalxmışdı. Xatırlayıram, dollar qalxan günün səhəri mağazaya getdim, elektrik lampası almağa. Dolları qalxmazdan öncə 30 qəpiyə aldığım elektrik lampasını 60 qəpiyə satdılar...

Amma rəsmilərimizə inanmaq olar. Çünki dollar fevral ayında da qalxanda rəsmilərimiz bildirdilər ki, vəziyyətdə heç bir dəyişiklik olmayacaq, vəziyyəti stabil saxlayacağıq. Saxladılar da – 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsinə qaldı. Bu dəfə də belə olacaq - 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.55 AZN səviyyəsində qalacaq. Bəzi ekspertlər hətta dolların 2-3 AZN səviyyəsinə qalxacağını belə proqnozlaşdırırlar. Bu gün Bakının əksər valyutadəyişmə məntəqələrində də fəaliyyət dayandırılıb. Dollar qıtlığı isə bir neçə gün öncəyə təsadüf edib. Valyutadəyişmə məntəqələrində dollar tapmaq mümkün deyildi. Elə bil bu gün dolların Azərbaycan manatına nisbətən qalxacağını bilirdilər...
Dolların bahalaşması o deməkdir ki, indi ABŞ-ın ixrac etdiyi mallar da bahalaşacaq və potensial alıcılar həmin malları milli valyutaları zəif olan ölkələrdən almağa can atacaqlar. İndi bütün satış marketlərdə, hətta apteklərdə belə alıcılara söylənilir ki, dollar bahalaşdığından malların qiymətlərində də dəyişikliklər var.

Mövzuyla bağlı iqtisadçı ekspert Azər Mehtiyev baş verənlərin izahını belə verib:

“2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfer edilməsi nəzərdə tutulub. büdcə qəbul edilən zamankı kursla bunun üçün təqribən 13 milyard 318 milyon manat lazım idi. Bugünkü kursla isə bunun üçün 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollar. Bircə addımla bu qədər "qabağa düşdülər". İl ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə həll edirlər...

Buna qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə "inflyasiya vergisini" də əlavə edin. Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması... Yerli istehsalın inkşafına bu cür nail olacaqlar!!!”.

Kimin nə deməsinə, hansı proqnozu verməsinə baxmayaraq fakt odur ki, dolların qalxması Azərbaycanın kasıb əhalisinin ölməsinə fərmanın verilməsi deməkdir. Düzdür, dolların qalxmasına sevinənlər də var – onlar bizdən deyillər...
YORUM EKLE