Aramızda həmrəylik varmı?

 Günah ancaq Nazim İbrahimovdadır

 

Çox ölkədə olmamışam, amma olduğum 5-6 ölkədə keçirdiyim görüşlər, apardığım söhbətlər, eşitdiklərim və gördüklərimdən belə nəticəyə gəldim ki, xaricdə yaşayan soydaşlarımız arasında heç bir həmrəylikdən danışmağa dəyməz. Baxmayaraq ki, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edirik. Elə zənn edirik ki, ildən-ilə bu tarixi qeyd etməklə həmrəyliyimiz möhkəmlənir. Gəlin özümüzü aldatmayaq.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də azərbaycanlıları aldatmasın. Hər il Azərbaycanın əlamətdar günlərini, bayramlarını xaricdə bir qrup azərbaycanlı arasında zurna, balabanla keçirmək həmrəylik demək deyil. Aramıza heç bir həmrəylik yoxdur. Bunu komitənin rəhbəri Nazim İbrahimov başda olmaqla rəsmilər yaxşı anlayırlar, görürlər. Amma neyləsinlər, büdcəni xərcləmək lazımdır axı...

Komitənin 2018-ci ilə qədər olan fəaliyyət planlarının əsas istiqamətlərindən -  xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında ideoloji, mənəvi, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına səy göstərilməsi, azərbaycanlılar arasında milli həmrəylik və birlik ideyalarını təbliğ etmək, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstəyin gücləndirilməsi, azərbaycanlıların kütləvi şəkildə məskunlaşdığı ölkələrdə eyni fəaliyyət  sahəsində çalışan həmvətənlərimiz arasında əlaqələrin yaradılmasına səy göstərilməsi, bu məqsədlə azərbaycanlı iş adamları, azərbaycanlı jurnalistlər, elm adamları, mədəniyyət xadimləri birliklərinin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı qadınların diaspor quruculuğu işinə cəlb olunması, eləcə də hazırda fəaliyyət göstərən diaspor təşkilatlarının nəzdində Qadınlar Şurasının yaradılması, bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma və qurumların koordinasiya şuralarının yaradılması.... çox uzatmaq olar. Amma nə faydası var. Bütün bunlar yalnız kağız üzərindədir, reallıq isə tamam başqa məqamlardan xəbər verir...

 

Rusiya, Ukrayna, Gürcüstan, İran, Türkiyə, Avropa ölkələrində, okeanın o tayında belə diaspor quruculuğu sahəsində heç bir irəliləyiş hiss olunmur. Düzdür, bir neçə azərbaycanlı, vətənini və millətini sevən insanlar var ki, bu istiqamətdə fəaliiytlərini göstərirlər. Bu da fərdi şəkildədir, amma Komitənin onların qarşısını kəsməyə cəhdlər göstərdiyini də qeyd etmək lazımdır. Diasporla İş üzrə Dövlət Komitəsi bu şəxslərin heç birini yanına çağırıb onların gördüyü işlərinə yardım belə göstərmək marağında deyil.

 

Bunu yalnız mən demirəm. Baxın bizim xaricdəki diaspor təşkilat rəhbərlərimiz nə deyirlər:   

 

 “Belçika Azərbaycan Evi”nin rəhbəri Bülənt Gürçam deyir ki, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları arasında sözün həqiqi mənasında birlik və həmrəylik yoxdur: “Soydaşlarımız tam əksinə olaraq bölünmüş və parçalanmış vəzyyətdədirlər, Hesab edirəm ki, bunun da başlıca səbəblərindən biri Azərbaycanın Belçikadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələyə diqqətlə yanaşmamasıdır. Həmçinin ayrı-ayrı cəmiyyətlər arasında ayrıseçkilik edilmə tendensiyası soydaşlarımızın parçalanmasına, birlik və bərabərliyin pozulmasına gətirib çıxarır”.

 

Nyu-Yorkda fəaliyyət göstərən fəal diaspor nümayəndəmiz Mehriban Nəsib isə diaspor daxilində birliyin o qədər də möhkəm olmadığı qənaətindədir: “Hazırda Nyu-Yorkda 4-5 Azərbaycan diaspora təşkilatı fəaliyyət göstərir. Cəmiyyət və təşkilatların saylarının çox olması bizi nə qədər sevindirirsə də bəzi şeylər bizi çox kədərləndirir. Bəzi gənclərimiz haqqında zaman-zaman dediyim çox böyük təssüflə sözünü bir daha təkrar etmək istəyirəm. Çox təssuf ki, bizim diaspora rəhbərlərinin bəzileri öz şəxsi maraqlarını millətimizin və vətənimizin mənafeyindən üstün tuturlar. Təssüf ki, biz hələ də “mən”dən çıxıb “biz” ola bilməmişik…”

 

Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri: “Gəlin özümüzü aldatmayaq. Azərbaycan diasporu Amerikada zəifdir. Hərdənbir press-reliz yaymaqla, müsahibə verməklə, boş-boş danışmaqla biz güclü olmarıq. Min bir parçaya bölünmüşük. Təzə-təzə beş adamla cəmiyyət qururlar. Nə etmək istədikləri də heç kimə bəlli deyil. İşin ən pis tərəfi isə bunların dövlətdən maddi yardım almalarıdır. 2001-ci ildə rəhmətlik Heydər Əliyev bizi Bakıya topladı və tapşırdı ki, birlikdə işləyin. Çalışın ki, birlik olsun, qüvvətli diaspor yaradın, formalaşdırın. Amma biz onun istədiklərini həyata keçiririkmi? Xeyr. Bəzən düşünürəm ki, o həyatda olsaydı, indiki kimi vəziyyət yaranmazdı. İndi diaspor adı altında olan fırıldaqların heç biri olmazdı”.

Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə: “Bu gün təkcə Hollandiyada ermənilərin holland, ingilis, rus dillərində 10-dan artıq internet saytları, bir neçə xəbər portalları, eləcə də, qəzet və jurnalları nəşr edilir, çox təəssüflər olsun ki, Azərbaycan diasporu nəinki Hollandiyada, bütün Avropada yox dərəcəsindədir. 2-3 nəfər ortaya düşüb guya diaspora işini aparır, bir neçə nəfər isə müxalifət missiyasını yerinə yetirir. Bu gün ümimiyyətlə bütün Avropada diasporumuz pərakəndə şəkildə fəaliyyət göstərməkdədir. Bir vaxtlar zəif saydığımız gürcü diasporu son illər həm siyasi, həm də iqtisadi cəhətdən güclənib. İstər gürcülər, istərsə də ermənilər tələbə potensialından məharətlə istifadə edirlər. Biz isə neçə illərdir ki, geriyə addımlayırıq. Sanki Azərbaycan diasporunun üzərindən qara yellər əsir. Son illər diasporumuzda həmrəylikdən əsər-əlamət belə yoxdur”.

Bu siyahını da uzatmaq olar. Amma bunun da faydası olmayacaq. Çünki yuxarıda adını çəkdiyimiz Komitə və onun sədri N.İbrahimov  üçün bu da əhəmiyyətsizdir. N.İbrahimov öz missiyasını yerinə yetirir.  Onun missiyası dünya azərbaycanlıları arasında həmrəyliyin yaranmasına yox, parçalanmasına xidmət edir.  Gürcüstanda 500 min azərbaycanlı yaşayır, Ukraynada da həmşinin, Rusiyada daha artıq, İranda daha artıq....  Amma bu ölkələrdə erməni lobbisi yerli hakimiyyət strukturlarına daha güclü təsir edir.  Mən hələ Avropanı demirəm... İş ondadır ki, bu ölkələrdə azərbaycanlılar arasında nə birlik var, nə də həmrəylik.  Xaricdəki diaspor təşkilatlarımızın sayı 500-ə yaxındır. Amma aralarında koordinasiya ediləcək bir mərkəz belə yoxdur. Hər bir təşkilat yalnız öz maraqlarını qoruyur. Ən dəhşətlisi də odur ki, nə öz aramızda, nə də başqa türkdilli dövlətlərin diaspor təşkilatları ilə dil tapa bilirik. Belə də olmalıdır...

Misir fironuna deyirlər ki, Nil çayı sahilində bir qurd bir quzunu yedi.  Firon fikirləşir və deyir: “Hər iki halda günah məndədir. Ya qurd əndazəsini aşıb, ya da quzu sahibsiz qalıb”. İndi bütün hallarda günah, məsuliyyət N.İbrahimovun üzərindədir.  Hara, hansı istiqamətə yozulasa belə... Komitə bu sahədəki siyasətini düzgün qursaydı, ayrı-seçkiliyə, ögey-doğmalığa yol verməsəydi, indi bundan  söz açmazdıq...  

YORUM EKLE